Bakıda baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxışı zamanı Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib.
Müşavirədən sonra hökm elan edilərək təqsirləndirilən şəxs 6 il azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Əhməd Məmmədli Biləcəridə baş verən insidentlə bağlı saxlanılaraq məsuliyyətə cəlb edilib.
Məlumata görə, 2025-cu il mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli tərəfindən törədilməsi məlum olub. Polisin əməliyyatı zamanı o saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başladılaraq istintaq aparılıb.
İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.