Sabirabadda kriminal aləmi təbliğ edən iki nəfər həbs edildi
Hadisə
286
12:58, Bu gün

Sabirabadda kriminal aləmi təbliğ edən iki nəfər həbs edildi

Sabirabad rayonunda kriminal aləmi təbliğ edən iki nəfər məsuliyyətə cəlb edilib.
 
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, 1994-cü il təvəllüdlü Nicat Əhmədova (adlar şərtidir – red.) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə ittiham elan edilib.
 
Əhmədov ifadəsində bildirib ki, Sabirabad rayonunun Surra kəndində yaşadığı evin qarşısında küçədə dayanarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, “Tik Tok” sosial şəbəkə hesabında kriminal aləmlə bağlı videolar paylaşdığını, kriminal aləmi təbliğ etdiyini bildiriblər, profilaktik söhbət aparılması üçün onu polis şöbəsinə dəvət ediblər:
 
“Paylaşımı əslində özümün etmədiyimi, onun illər əvvəl həmkəndlim tərəfindən edildiyini bildirdim. Polis əməkdaşları ilə getməkdən imtina etdim. Bu xüsusda aramızda sözlü mübahisə baş verdi. Daha sonra polis əməkdaşları ilə şöbəyə gəldim”.
 
O, ifadəsinin sonunda polis əməkdaşlarına tabesizlikdə özünü təqsirli bilməyib: “Lakin mübahisəyə görə əməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törətmişəm. Himayəmdə iki azyaşlı övladım var”.
 
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Əhmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib.
 
Bundan başqa, Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Nəcəfov da inzibati məsuliyyətə cəlb edilib.
 
Məlum olub ki, o, rayonun Rüstəmli kəndində ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmayıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ittiham elan edilib.
 
Nəcəfov ifadəsində göstərib ki, kənddə iki polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, “Tik Tok” sosial şəbəkə hesabında kriminal aləmlə bağlı videolar paylaşdığını, kriminal aləmi təbliğ etdiyini bildirib və profilaktik söhbət aparılması üçün polis şöbəsinə dəvət ediblər.
 
Məhkəmənin qərarı ilə Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
 
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Link kopyalandı!
Son xəbərlər