Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Moderator.az Unikal.az-a istinadla xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş - təqsirləndirilən şəxsin həyat yoldaşı olmuş Pərvanə İsmayılova ifadə verib.
P.İsmayılova bildirib ki, Tamerlan Məmmədovla üç il münasibətləri olub:
"5 iyul 2025-ci ildə isə rəsmi nikaha girmişik. Hadisədən beş gün əvvəl Tamerlan mənə dedi ki, sənin rəqs edən videonu "TikTok"da paylaşıblar və silmək üçün 900 manat pul istəyirlər. Mən də ona dedim ki, pulum yoxdur, halal ərimsən, nə var burda? Amma bu video da təkcə Tamerlanın telefonunda idi. Sonradan məlum oldu ki, bu profili özü açıb ki, məndən pul alsın, amma planı baş tutmadı. Belə hərəkətini görəndən sonra mən də əsəbləşərək onun ağlayan videosunu "TikTok"da paylaşdım. Ərim bunu görəndən sonra evə gəlib mənə hücum etdi, saçımı kəsdi.
Hadisə mənim uşağımın gözü önündə baş verdi, o, pis vəziyyətdə idi.
Tamerlan bu əməlinə görə tutulandan sonra həbsxanadan zəng vuraraq məni təhdid edib. Dedi ki, burdan çıxandan sonra bu səfər qulaqlarını kəsəcəm. Mənim həyatım təhlükədədir, ondan və ailəsindən çox qorxuram, onlar hər şey edə bilərlər. Mən dövlətimə güvənirəm və Tamerlanın ən ağır cəza almasını istəyirəm".
Zərərçəkmiş şəxsin övladı A.A-nın sözlərinə görə, hadisə onun gözü qarşısında baş verib:
"Anam çöldən gəldi və onun saçını "maşınka" ilə qırxdı. Mən onlara yaxınlaşmağa qorxurdum və evin qapısını açıb çölə çıxdım. Qonşuların qapısını döydüm ki, kömək etsinlər, ancaq heç kim qapını üzümə açmadı. Sonra evimizə qayıtdım. Bu anda Tamerlan mənə doğru gəldi və mən qışqırmağa başladım, o da qapını açıb evdən qaçdı".
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında qeydə alınıb.
Belə ki, gecə saatlarında Pərvanə İsmayılovaya yaşadığı ünvanda həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Onun barəsində araşdırma aparılıb və cinayət işi başlanılaraq məhkəməyə göndərilib.
Nərimanov rayon Məhkəməsində Tamerlan Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət əməli sübuta yetirilərsə, onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.