İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
Hadisə
245
19:20, Bu gün

İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.

Məhkəmədə bildirilib ki, iş üzrə digər şahidlərin də prosesdə iştirakının təmin olunması zəruridir.

Məhkəmə prosesi martın 12-də davam etdiriləcək.

*Abituriyentlərin üzərinə gizli kamera qoyurmuş: Tanınmış təhsil ekspertinə İTTİHAM irəli sürüldü

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə imtahan qaydalarına zidd şəkildə köməklik göstərilməsi barədə Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat əsasında cinayət işi başlanıb. İş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Gündüz Yaşar oğlu Abbasovun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Kamran Alim oğlu Əsədovla cinayət əlaqəsinə girməklə üç nəfər və şəxsən səkkiz nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhərində Sənan Rasim oğlu Hüseynovun xüsusi icazə almadan, müvafiq normativ-hüquqi aktların tələblərini pozaraq gizli şəkildə informasiya əldə etmək üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına məxsus ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirdiyinə dair əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli qaydada informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satışı və satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə, Kamran Əsədova isə həmin Məcəllənin 302.3-cü və 32.5, 308.1-ci maddələri ilə (vəzifə səlahiyyətlərindən sui-istifadədə köməkçilik) ittiham irəli sürülüb. Sənan Hüseynova isə Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə ittiham elan edilib.

Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər şəxslər barəsində isə həbslə bağlı olmayan qətimkan tədbirləri tətbiq olunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.

Link kopyalandı!
Son xəbərlər