Abşeron rayonunda iki günlük körpə ölüb.
Moderator.az məlumat verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Xəstəxanadan sorğuya cavab olaraq bildirilib ki, 1981-ci il təvəllüdlü qadın martın 2-si saat 12:30 radələrində tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.
Məlumata görə, pasiyent dölyanı mayenin axması ilə və doğuş fəaliyyətinin başlanması fonunda, uşaqlıq boynunun 3 sm açılışı ilə şöbəyə qəbul edilib. Həmin gün hamiləliyin 36-cı həftəsində 5-ci hamiləlik, 3-cü doğuş olaraq operativ üsulla vaxtından əvvəl doğuş həyata keçirilib.
Yenidoğulan körpənin doğuş zamanı çəkisi 3 400 qram təşkil edib. Körpənin Apgar göstəricisi 7/8 bal olub. Yenidoğulana ilkin olaraq respirator distress sindromu (RDS) diaqnozu təyin edilib və vəziyyətinə uyğun olaraq həkimlərin nəzarəti altında müvafiq tibbi yardım göstərilib.
Müalicə prosesi zamanı körpədə pulmonar hipertenziya və sonradan ağciyər qanaxması qeydə alınıb. Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, körpənin martın 4-də bioloji ölüm faktı qeydə alınıb.
Zəruri tibbi xidmətlər göstərilən zahı qadının isə vəziyyəti stabil qiymətləndirilib və həmin gün axşam saatlarında ambulator müalicə üçün evə buraxılıb.