İşə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi
Hadisə
363
16:23, Bu gün

İşə düzəltmək adı ilə külli miqdarda pul mənimsədi

Vətəndaşları işə düzəltmək adı ilə 300 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilən Sahil Həsənovun cinayət işi üzrə məhkəməsi keçirilib.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək məhkəmədən xahiş edib ki, vətəndaşlara dəymiş ziyanın ödənməsi üçün müvəkkili barəsində ev dustaqlığı qətimkan tədbiri seçilsin.

Dövlət ittihamçısı çıxış edərək işin baxışa verilməsini və vəsatətin təmin olunmamasını təklif edib.

Məhkəmə qısa müşavirədən sonra işin baxışa verilməsi və vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası martın 12-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə 16 zərərçəkmiş var və ümumilikdə dəymiş ziyan isə 300 min manatdan artıqdır. İttihama görə, təqsirləndirilən şəxs vətəndaşları müxtəlif işlərə düzəldəcəyi ilə bağlı yalan vəd verərək onlardan pul alıb.

Sahil Həsənova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Link kopyalandı!
Son xəbərlər