Hadisə
248
19:25, Bu gün

"Bunlar məni öldürməsələr, əl çəkən deyillər" - Ədilin qətlinin DETALLARI

Bakıda həyat yoldaşını atası ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

İfadə verən şahidlərdən biri qətlə yetirilən Ədil Məhərrəmovun bacanağı olduğunu deyib:

"Ədil mənim bacanağım olub. Həmin gün həyat yoldaşım Mariana zəng elədi ki, Ədil yerdə uzanıb qalıb. Mən o ailə ilə mübahisəli olduğum üçün getmək istəməsəm də, getdim. Onun içkili olduğunu zənn eetdim. Qonşu oğlanla birlikdə qayınatamı arabaya qoyduq, sonra Nuranə ilə Ədili evə qoyub qayıtdım. Qayınatamla danışmırdım deyə, evə onlarla birlikdə getmədim. Bir müddət keçəndən sonra Nuranə qışqıra-qışqıra zəng etdi ki, Ədil ölür. Dedim ki, ölürsə, "təcili yardım"a zəng edin də, mənə niyə zəng edirsiniz?"

Digər şahid isə Nuranə Məhərrəmovanın kirayə qaldıqları evin sahibinin qızı olduğunu deyərək hadisə baş verən gün evdə olduğunu bildirib:

"Həmin gün anamla mən evdə idik. Qəfildən qışqırıq səsləri gəlməyə başladı: qadın və uşaq səsləri bir-birinə qarışmışdı. Əsas Nuranənin qışqırığı eşidilirdi. Birdən bir kişi səsinin "Sən allah, eləmə" deyə yalvardığını eşitdim. Ardınca kimsə əlini çırparaq divarlara vururmuş kimi səslər gəlməyə başladı. Qorxduğum üçün oraya yaxınlaşa bilmədim. Sonra polislər gəldilər və dedilər ki, qapı-pəncərəni bağlayıb içəridə qalın. Atam danışırdı ki, Ədil həyətdə bir dəfə onunla danışanda "Bunlar məni öldürməsələr, əl çəkən deyillər" demişdi.

Məhkəmənin növbəti iclası martın 17-nə təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il aprelin 21-də paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 37 yaşlı Ədil Məhərrəmov fərdi yaşayış evində qəsdən öldürülüb. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub. Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Daha sonra isə onun qızı və qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər