MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib
Hadisə
143
18:06, Bu gün

MN-in “İstirahət evi”nin sabiq rəisinin məhkəməsində şahidlər dindirilib

Müdafiə Nazirliyinin “İstirahət ev”nin həbsdə olan sabiq rəisi İlham Haqverdiyevin barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Moderator.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Yeganə Əbdülvahabova bildirib ki, işə düzəlmək üçün ondan 1500 manat istənilib, amma hamısını verməyə imkanları olmayıb. Onun sözlərinə görə, qardaşı min manatı rəis müavini Muraz Həsənova (hazırda “İstirahət evi”nin rəisi vəzifəsini icra edən-red.) verib. Şahid bildirb ki, İlham Haqverdiyev ondan pul istəməyib.

Təqsirləndirilən İlham Haqverdiyev işə qəbulla bağlı ödənişin tələb olunmasının qanunsuz olduğunu deyib.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. Onun ilkin ifadəsi elan olunub və qeyd olunub ki, bilə-bilə yalan ifadə versə, məsuliyyətə cəlb oluna bilinər.

Şahid ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. İfadədə qeyd edilib ki, işə qəbul üçün qardaşı tərəfindən Muraz Həsənova pul verilib. O da pulu İlham Haqverdiyevə çatdırıb. Şahid əlavə edib ki, qardaşınıın verdiyi min manat onlara geri ödənilib.

Daha sonra Müdafiə Nazirliyinin “İstirahət ev”nin Arxa Təminat Xidmətinin müdiri Seyran Əhmədov ifadəsində bildirib ki, İlham Haqverdiyev iclasda bir neçə vakant yerin olduğunu bildirib: "Bununla bağlı rəis müavini Muraz Həsənova yaxınlaşıb bacım oğlunu işə düzəltmək üçün xahiş etdim. Bildirdi ki, 2500 manata işi həll etmək olar. Razılaşdıq. Əmr veriləndən sonra pulu elə Muraz Həsənovun xidməti otağında ona verdik. Pulun kimə çatacağını bilmirdim”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olduğu üçün istintaqdakı ifadəsi elan edilib.

Şahid qismində ifadə verən Etibar Xanvəliyev də işə qəbul üçün Muraz Həsənova 2500 manat verdiklərini deyib: “Pulun sonrakı taleyi ilə bağlı məlumatım yoxdur. İlham Haqverdiyevi əmrim çıxandan sonra görmüşəm”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədəki ifadə arasında ziddiyət olduğu bildirilib, istintaqa verilən ifadə elan edilib. Şahid məhkəmədəki ifadənin əsas götürülməsini istəyib.

Məhkəmə martın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Nazirliyin "İstirahət evi"nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilib. Ötən ilin dekabr ayında həbs müddəti 1 ay 20 gün uzadılıb.

Təqsirləndirilən İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər