Ev almaq adı ilə vətəndaşların pulları mənimsənildi
Hadisə
212
17:46, Bu gün

Ev almaq adı ilə vətəndaşların pulları mənimsənildi

Vətəndaşlara ev alqı-satqısı adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənkər ifadə veriblər.

Zərərçəkmiş Gülbanu Əliyeva müəllimə olduğunu və ona 13 min manat zərər dəydiyini bildirib:

"Sumqayıt şəhərində yerləşən ofisə yaxınlaşdım. Anar bizi binaya apardı. Dedi ki, notariat qaydasında 10 min manat pul verməlisən. Anar dedi ki, yoldaşının vəziyyəti pisdir, ona görə onun yaxını olan Rasimlə görüşüb pulu verin. 2022-cil ilin sentyabrında Sumqayıt şəhər 1 saylı notariat kontorunda 10 min manatı Rasimə verdim. Daha sonra Anar mənə dedi ki, Dəniz kənarında da ev var, lakin əlavə 3 min manat da verməlisən. Ümumilikdə 13 min manat pul vermişəm".

Təqsirləndirilən şəxs Anar Həziyev isə zərərçəkəndən hər hansı bir məbləğdə pul almadığını deyib.

Təqsirləndirilən şəxs Ruslan Həsənov isə bildirib ki, üç zərərçəkmişin pulu ondadır və yaxın vaxtlarda özlərinə geri qaytaracaq.

Zərərçəkmiş Rəhman Məmmədov təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılovaya ev alması ilə bağlı 7 min manat, Dürdanə Əliyeva isə 10 min manat pul verdiyini deyiblər.

Məhkəmənin növbəti iclası martın 31-nə təyin edilib.

Qeyd edək ki, dörd təqsirləndirilən şəxsin hər birinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, vətəndaşlara dəymiş ümumi ziyan 240 min manatdan artıqdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər