Satınalma müsabiqələrində fəal iştirak edən və vaxtaşırı qalib seçilən "Dream Construction Company" MMC etibarsız təchizatçılar siyahısına salınıb.
Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, şirkət 24 fevral 2027-ci ilədək satınalma müsabiqələrində iştirak edə bilməz.
"Dream Construction Company" MMC-nin etibarsız təchizatçılar siyahısına salınmasının səbəbi isə saxta sənəd təqdim etməsi ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Dream Construction Company" MMC 2014-cü il mayın 20-də qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 515 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cavid Elman oğlu Cavadovdur.
"Dream Construction Company" MMC "Otaxlı" MMC adı ilə fəaliyyət göstərib. Şirkət təsis ediləndən bu günədək qanuni təmsilçisi dörd dəfə dəyişib.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Dream Construction Company" MMC ötən il 13 tenderin qalibi seçilib.
Bu tenderlər aşağıdakı qurumlar tərəfindən həyata keçirilib:
- Sumqayıt Şəhər İcra Hakimiyyəti - 3 tender;
- Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi - 2 tender;
- Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısının şəhər nümayəndəliyi - 2 tender;
- Bərdə RİH - 1 tender;
- Ağdam RİH - 3 tender;
- Qubadlı RİH - 1 tender;
- Ağdam RİH başçısının Quzanlı ərazi nümayəndəliyi - 1 tender.
Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri isə 2 961 891.07 manat təşkil edir.