Hadisə
195
18:20, Bu gün

"TIR-dan 63 kq narkotik çıxdı, yaşlı atam günahsız yerə həbsə düşdü"

"40 ildir TIR sürücüsü olan atam 2025-ci il sentyabrın 12-dən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılır".
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu həbsdə olan Miribrahim Kərimovun oğlu Mirağa Kərimov deyib.
 
Atasının günahsız olduğunu hesab edən şikayətçinin sözlərinə görə, hər şey İrandan zəng gəldikdən sonra başlayıb:
 
"Atam TIR sürücüsüdür, sifariş olduğu zaman Bakıdan İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya gedir. Sentyabrın 12-də atama İrandan zəng gəldi və bildirdilər ki, Türkiyəyə yük daşınmalıdır. Atam da Culfadan İrana keçdi, maşına İran gömrüyünün ətrafında mallar yükləndi. Daha sonra yüklər plomblandı, elə həmin gün də Culfaya qayıtdı. Lakin Culfada maşın yoxlanılarkən yükün içərisindən 63 kq narkotik çıxıb. Atamı elə həmin gündən Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlayırlar".
 
Mirağa Kərimov hadisə ilə əlaqədar araşdırmaların zəif aparıldığını düşünür:
 
"İki dəfə məhkəmə olub, atama danışmağa, özünü müdafiə etməyə imkan vermirlər. Yanvarın 12-də 3-cü məhkəməsi keçirildi. İranda tutduğumuz vəkilin köməkliyi ilə bəzi sənədləri toplayıb gətirdik, lakin prokuror qəbul etmədi. Atam da etirazını bildirdiyinə görə növbəti məhkəmə prosesini fevralın 17-nə təyin etdilər. Lakin prokurorun səhhətində problem olduğu üçün məhkəmə keçirilmədi və növbəti proses martın 6-na təyin edildi.
 
Məsələ ilə bağlı araşdırma aparılmır, işi bağlamağa çalışırlar. Biz İranda da, Naxçıvanda da vəkil tutmuşuq. İşi izləsək də, bu gedişlə heç nə əldə edə bilməyəcəyik. Tələbimiz ondan ibarətdir ki, iş dərindən araşdırılsın. Maşının içərisindən 63 kq narkotik çıxıb, amma ortada da heç kim tapılmadı".
 
Vətəndaş bildirir ki, əllərində malların TIR-a yüklənmə anının görüntüləri də var:
 
"Həmin kisədəki məhsullar pəncərə istehsal etmək üçün xammallardır. Kisələr də zavoddan çıxıb, bağlanılıb, tikilib. Daha sonra gömrük yoxlanışında kisələrin içərisindən narkotik çıxıb. 63 kq narkotik külli miqdarda pul deməkdir və biz onun ödənişini heç vaxt edə bilmərik. Heç bir sürücü də Naxçıvan gömrüyündən narkotik keçirməyə risk edə bilməz, çünki orada çox güclü yoxlanış var. İranda həmin malları TIR-a yükləyən adamları araşdırıb tapıblar. Onların telefonları dinlənilib, fəhlələr araşdırılıb, lakin heç nə tapılmadı. Orada tutduğumuz vəkil həmin malı istehsal edən zavodu polisə verəcək. Atamın 63 yaşı var, yaşlı adamdır, günahsız yerə həbsə düşməməlidir. İstəyirik ki, iş lazımi qurumlara çatsın və araşdırılsın, məsələ ilə bağlı dövlətimiz ədalətli qərar versin".
 
Məlumat üçün bildirək ki, bənzər hadisə "Cənub-Astara" gömrük postunda da qeydə alınmışdı. Sonradan 34 yaşlı sürücü Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirsiz elan edilmişdi. Qərara təsir göstərən əsas səbəblər maşına baxış keçirən gömrük inspektoru və hal şahidinin ifadələri olmuşdu.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər