Həkimi aldadıb həbsə düşmüşdü
Hadisə
209
16:20, Bu gün

Həkimi aldadıb həbsə düşmüşdü

Bakıda təsadüfən tanış olduğu adamı aldadaraq 112 min 200 manat pulunu ələ keçirən şəxsə hökm oxunub.

Moderator.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Şahmal Babayev (şərti -red.) Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.

Məlum olub ki, İstanbulda Atatürk Universitetinin Tibb fakültəsində təhsil almış Şahmal Bakıda metronun "20 Yanvar" stansiyasının yaxınlığında kafedə olarkən Fətalı adlı şəxslə tanış olub.

Belə ki, Şahmalın masasına Günəş şüası düşdüyündən Fətalı onu öz masasına dəvət edib. Söhbət əsnasında Şahmal Fətalının 1998-ci il təvəllüdlü oğlu Şəxsət Səfərovun dələduzluq cinayətinə görə həbs edildiyini öyrənib. Fətalıda pul olduğunu bilən Şahmal ona oğlunu azadlığa buraxdıracağını vəd edib. Bu adla hissə-hissə olmaqla həbsdəki gəncin atasından 112 min 200 manat alıb.

Lakin sonradan Şahmalın heç bir iş görmədiyi üzə çıxıb. Həmçinin bu arada həbsdə olan Şəxsət 98 min 600 manatını aldadaraq ələ keçirdiyi tanınmış həkim-uroloq Elza Binnətova ilə barışıb və dəymiş zərəri ödəyəcəyinə dair müqavilə imzalayıb. Bundan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəxsətə şərti cəza verilib və o, azadlığa buraxılıb.

Fətalı isə külli miqdarda pulunu ələ keçirmiş Şahmaldan polisə şikayət edib. Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb və Şahmal həbs olunub.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Şahmal Babayev ifadəsində bildirib ki, Şəxsətin atasının şikayəti ilə həbs edildikdən sonra onların tapşırığı ilə təcridxanada bir qrup şəxsin hücumuna məruz qalıb.

O, 112 min 200 manat deyil, həmin məbləğin təxminən yarısı həcmində pul aldığını iddia edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmala 7 il həbs cəzası verilib. Ona qarşı irəli sürülmüş mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 107 300 manatın tutularaq zərərçəkmiş tərəfə ödənilməsinə qərar verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər