Şair İlham Qəhrəmanın Sabunçu Rayon Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) iddiası üzrə çıxarılan qətnamədən verdiyi apellyasiya şikayətinə baxılıb.
Moderator.az Teleqraf-a istinadla bildirir ki, bu barədə şairin özü məlumat verib.
İlham Qəhrəmanın sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə iş üzrə üç məhkəmə iclası keçirilib və proses ötən gün yekunlaşıb.
O bildirib ki, Sabunçu Rayon Məhkəməsinin qərarı tamamilə ləğv olunub.
"Sabunçu Rayon Məhkəməsində iddia həm Anar Rzayevin, həm də Azərbaycan Yazıçılar Birliyinin adından verilib. Bakı Apellyasiya Məhkəməsinin son iclasında məlum oldu ki, AYB-nin nizamnaməsində təşkilatın hər hansı üzvünü, o cümlədən sədrini hüquqi müstəvidə müdafiə etmək səlahiyyəti nəzərdə tutulmayıb. Məhkəmənin qərarına əsasən, nə təzminat ödənməli, nə üzr istənməli, nə də mətbuatda təkzib verilməlidir. Hakimə ədalətli qərar üçün təşəkkür edirəm", - İlham Qəhrəman əlavə edib.
Qeyd edək ki, keçən il oktyabrın 1-də AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.
Məhkəmə İlham Qəhrəmanın 500 manat məbləğində təzminat ödəməsi, yazını dərc edən saytda təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar çıxarıb.
Şair "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmişdi.
İlham Qəhrəman qərardan narazı olduğu üçün Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Xatırladaq ki, keçən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı həyata keçirdiyi prosesdə haqsızlığa məruz qaldığını bildirib.
Məqalədə deyilənlərlə və qeyd edilən faktlarla bağlı AYB və qurumun sədri Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdilər.