Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar, 2 p.m elektrik naqili yanıb.
Yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 7 nəfər təxliyə olunub.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.