Milli Qəhrəmanın qızı dələduzluqla üzləşdi - VİDEO
Hadisə
214
19:30, Bu gün

Milli Qəhrəmanın qızı dələduzluqla üzləşdi - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin övladı dələduzluqla üzləşib.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, özünü Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) işçisi kimi qələmə verən Mina Muradova bir sıra şəxslərin etibarını qazanaraq onlardan böyük məbləğdə pul alıb.

Zərərçəkmiş şəxslər - Nurlana Yusif qızı Mirzəyeva, Nailə Vəli qızı Mirzəyeva və Zümrüd Niyazağa qızı Xasiyeva mövcud vəziyyətlə əlaqədar daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə rəsmi müraciət ünvanlayıblar.

Ərizədə qeyd edilib ki, Nurlana Mirzəyeva 2024-cü ilin avqustunda toy məclisində qohumu olan Mina Muradova ilə qarşılaşıb. M.Muradova TSEK-də işlədiyini iddia edərək, pensiya, əlillik təyinatı, şəhid ailələri və müharibə veteranları ilə bağlı problemləri "həll etmək" imkanına sahib olduğunu deyib.

Yusif Mirzəyevin qızı Nurlana Mirzəyevanın bildirdiyinə görə, əlilliyi ləğv edilmiş bir tanışı üçün kömək istədikdə, Mina bu məsələni iki min manat müqabilində yoluna qoya biləcəyini söyləyib. Ödəniş bank köçürməsi yolu ilə edilib.

Lakin 8 sentyabr 2024-cü ildən bəri nə pul geri qayıdıb, nə də verilən söz tutulub.

Şikayətə ödəniş qəbzi və "WhatsApp" yazışmaları sübut kimi əlavə olunub.

Digər şikayətçi Nailə Vəli qızı Mirzəyeva isə bildirib ki, Mina Muradova onun I qrup əlil olan həyat yoldaşına dövlət tərəfindən ev veriləcəyini vəd edib.

İddiaya görə, o, 15 min manat qarşılığında ailəni mənzil növbəsinə yazdıracağını bildirib. Nailə Mirzəyeva iki fərqli bankdan kredit götürüb, üzərinə şəxsi yığımlarını da əlavə edərək Minaya 13 min manat ödəyib. Bir müddət keçdikdən sonra ona mənzilin çıxarışının və texniki pasportunun fotoları, hətta binanın önündə çəkilmiş şəkil göndərilib. Ancaq iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə mənzil təhvil verilib, nə də ödənilən vəsait geri qaytarılıb.

Üçüncü zərərçəkən - Zümrüd Niyazağa qızı Xasiyeva da analoji üsulla aldadıldığını qeyd edib. Onun sözlərinə görə, Mina evlərinə gələrək zərərçəkmişin əlilliyi olan qohumunu mənzil növbəsində irəli çəkəcəyini vəd edib və bunun üçün 20 min manat istəyib. Tərəflər yekunda 15 min manatla razılaşıblar. Məbləğ evdə nağd şəkildə təqdim olunub və həmin prosesin videoqeydi aparılıb. Zərərçəkənin ifadəsinə görə, o vaxtdan bəri çoxsaylı telefon danışıqlarına və yazışmalara baxmayaraq, problem həllini tapmayıb.

Şikayətçilərin iddiasına görə, sonradan məlum olub ki, Mina Muradova yalnız onları deyil, özünü TSEK işçisi kimi təqdim edərək onlarla digər vətəndaşı da oxşar sxemlə aldadıb və pullarını mənimsəyib.

Mina Muradovanın mobil telefonu söndürülmüş olduğundan onunla əlaqə saxlamaq mümkün olmayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər