Lənkəranda ərdən arvadına qarşı gecəyarısı dəhşətli əməl
Hadisə
314
21:07, Bu gün

Lənkəranda ərdən arvadına qarşı gecəyarısı dəhşətli əməl

Lənkəran rayonunda 1976-cı il təvəllüdlü Sərhad həyat yoldaşı Leylanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Moderator.az Teleqraf.az-a istinadla xəbər verir ki, 2004-cü ildə o, rəsmi nikaha girərək birgə yaşadığı, 2023-cü ilin iyun ayından isə faktiki ayrı qaldığı arvadı Leylanın barışmamasını və onu evə buraxmamasını özü üçün qəbuledilməz sayıb, qadını öldürmək qərarına gəlib.

Niyyətini həyata keçirmək üçün Sərhad 2025-ci il fevralın 5-də saat 23:30-da Leylanın yaşadığı evin qarşısına gəlib, onun işə getmək üçün evdən çıxmasını gözləyib. Fevralın 6-da gecə saat 00:30-da qadın evdən çıxaraq gecə növbəsinə işə gedən vaxt ona yaxınlaşıb və bıçaqla zərbələr vurub.

Ümumilikdə altı zərbə alan qadının hərəkətsiz vəziyyətdə yerdə qalmasını görən ər onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

Leyla qonşular tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olub.

İstintaq orqanı tərəfindən Sərhadın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

Sərhad ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2004-cü ildə bibisi qızı Leyla ilə rəsmi qaydada nikaha daxil olub:

"Mən ustalıq etməklə və müxtəlif fərdi işlərlə məşğul olmaqla pul qazanıb ailəmi dolandırmışam. 2023-cü ilin yay aylarında ailəmdə yaranmış narazılıqlar ucbatından Lənkəran rayonunun kəndindəki evimdən çıxdım. Usta kimi gah Bakı, gah Lənkəran şəhərində, gah da Rusiyaya gedərək işləmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən 1 ay 15 gün əvvəl Rusiyadan qayıdıb:

"Lənkəran şəhərində əvvəllər birlikdə işlədiyim usta tanışım Elməddinin yanında kirayədə qalmağa başladım. Kənddə özüm tikdiyim və arvadımın adına olan evə qayıtmaq istədim. Hadisədən təxminən bir həftə əvvəl evə gedərək ondan məni bağışlamasını və evimə buraxmasını xahiş elədim. O, məni görmək istəmədiyini bildirdi. Mən də məcbur qalaraq axşam yatmaq üçün dostum Elməddinin evinə gedirdim. Bu vəziyyətdən əsəbiləşirdim".

Sərhadın ifadəsinə görə, sonuncu dəfə fevralın 5-də evinin qarşısına gəlib və gözləməyə başlayıb: "Özümlə mətbəx bıçağı da götürmüşdüm. Leylanın çörək zavodunda işlədiyini və gecəyarısı işə getdiyini bilirdim. Saat 23:30-da ailəmin yaşadığı evin yaxınlığında küçədə gözləməyə başladım.

Fevralın 6-da gecə saat 00:15-də Leyla evdən çıxdı. Bıçaqla Leylanın qarın nahiyəsinə bir zərbə endirdim. O əyildi, bu zaman bel və kürək nahiyələrinə daha bir neçə zərbə endirdim. Ona "bu həyatı yaşamağımızı istəyirdin?" dedim. Leyla onu öldürməməyim üçün yalvarsa da, zərbələri davam etdirdim. Onun yerdə hərəkətsiz qaldığını görəndə öldüyünə əmin oldum və hadisə yerindən uzaqlaşdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, səhər saatlarına kimi Lənkəran şəhərində küçələrdə gəzib, nə etdiyini anlaya bilməyib:

"Səhər açılanda Elməddinlə birgə qaldığım evə getdim. Orada heç kim yox idi. Gecə bərk yağış yağdığından üstüm tamam islanmışdı. Sobanın yanında paltarlarımı qurutduqdan sonra Lənkəran şəhərinə çıxdım. Çayxanada çay içdim, yemək yedim. Fevralın 7-də Yardımlı rayonuna, doğulduğum kəndə getdim, ora çatdıqda anamın və qardaşımın artıq Leylanı bıçaqladığımı bildiklərini öyrəndim. Yuyunub əynimi dəyişəndən sonra polis əməkdaşları məni Yardımlı Rayon Polis Şöbəsinə çağırdılar. Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları isə məni oradan Lənkərana gətirdilər".

Zərərçəkmiş Leylanın sözlərinə görə, dayısı oğlu Sərhadla evlilikdən iki övladı var:

"Sərhadla qohumluğum olduğuna görə onun mənə və ailəmə göstərdiyi şiddətə göz yummuşam. 2023-cü ilin iyun ayında polisə müraciət etdim. Sərhad həmin hadisədən sonra evdən getdi. O, bir neçə dəfə barışmaq üçün evə gəlsə də, mən bununla razılaşmadım. Çünki Sərhadın xasiyyətinin düzələn olmadığını bilirdim.

Hadisədən təxminən on gün əvvəl yaşadığımız evə gəlib həyətdə torpaq bellədi. Mən yenə də onu dindirmədim".

Zərərçəkmiş qeyd edib ki, Sərhad yenə də evə qayıtmasına razılıq istəyib: "Mən isə uşaqların ondan qorxduqlarını dedim. Fevralın 6-da gecə evdən çıxaraq çörək zavoduna tərəf getməyə başladım. Qapıdan çıxarkən Sərhadı evimizin qarşısında görmüşdüm. Bu səbəbdən yolumu dəyişərək kəndin içindəki küçə ilə getməyə başladım. Evdən bir qədər uzaqlaşandan sonra geriyə baxanda gördüm ki, Sərhad arxamca gəlir. O yaxınlaşanda "məndən qaçırsan?" deyib cibindən bıçaq çıxardı, qarnıma bir zərbə endirdi. Sol əlimi bıçağa atdım, əlimin içərisi kəsildi. Sərhad daha iki dəfə qarnıma bıçaqla zərbə endirdi, sonra oradan qaçdı.

Qışqırıq səsimə atamın əmisi oğlu Eldar, onun övladı Fuad və qonşuluqda yaşayan Şaiq gəldilər. Onlar yoldan keçən taksini saxlatdılar və məni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirdilər".

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərhad 15 il müddətə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.

Link kopyalandı!
Son xəbərlər