Lerikdə kənd sakinləri günlərlə işıqsız qalırlar - VİDEO
Hadisə
124
05 Feb 2026 | 23:15

Lerikdə kənd sakinləri günlərlə işıqsız qalırlar - VİDEO

Lerik rayonunun Hamarmeşə kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Onlar elektrik enerjisinin verilişində yaranan problemdən narazıdırlar.

 

 

Sakinlərin sözlərinə görə, problem uzun müddət mövcuddur, sonuncu dəfə yağan qardan sonra isə vəziyyət daha da çətinləşib.

"Yanvar ayı ərzində ardıcıl olaraq altı gün, daha sonra isə üç gün işıqsız qalmışıq. Fevralın 1-i axşam saatlarında elektrik enerjisi bərpa olundu. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticəsi olmayıb. Yüngül külək əsən kimi, yağış və ya qar yağan kimi işıqlar sönür və uzun müddət yanmır. Gün ərzində 10-15 dəfə işığı söndürüb-yandırırlar. Bunun nəticəsində evlərimizdəki elektrik avadanlıqları sıradan çıxır", - deyə sakinlərdən biri bildirib.

"Evdə uşaqlarımız tez-tez xəstələnirlər, qazandığımız pulun çoxu dava-dərmana gedir. Soyuğa görə hazırda uşaqların əksəriyyəti qripə yoluxub", - başqa bir sakin deyib.

Məsələ ilə bağlı Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Lənkəran Elektrik Şəbəkəsindən bildirilib ki, havaların kəskin dəyişməsi ilə əlaqədar xətdə yaranan nasazlıqlar səbəbindən 10 kilovoltluq 3 saylı xəttin enerji təminatında fasilələr yaranıb:

"Güclü qar yağması nəticəsində dağlıq və meşəlik ərazilərdən keçən xətlərə baxış keçirmək və qüsurları aradan qaldırmaq çətinləşib. Hərəkətin mümkünsüzlüyü səbəbindən qəzaların vaxtında aradan qaldırılmasında problemlər yaranıb. Buna baxmayaraq, xəttin trası istiqamətində yol açılaraq baxış keçirilib, aşkar edilən qüsurlar aradan qaldırılıb və abonentlər müəyyən fasilələrlə elektrik enerjisi ilə təmin olunublar.

Lerik-Lənkəran yolunun kənarında yerləşən kəndlərin, o cümlədən Hamarmeşə kəndinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni xəttin çəkilməsi 2026-cı ilin tədbirlər planına daxil edilib. Plana əsasən, kəndə yaxın ərazidə yeni 35 kilovoltluq yarımstansiyanın tikilməsi nəzərdə tutulub. Bunun nəticəsində yol kənarında yerləşən kəndlər, o cümlədən Hamarmeşə kəndi dağlıq və meşəlik ərazidən keçən 10 kilovoltluq xətdən ayrılaraq yeni çəkiləcək xətlər vasitəsilə elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda bildirilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər