Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara cəlb edən şəxsə hökm oxundu
Hadisə
143
17:00, Bu gün

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara cəlb edən şəxsə hökm oxundu

Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vüsalə Əsədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vüsalə Əsədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə onların zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi, hədə-qorxu və məcburetmə vasitələrindən istifadə olunmaqla cinsi istismar məqsədilə cəlb edib. O, təkrarən, tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, eləcə də insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətməkdə ittiham olunur.

İttihama görə, Vüsalə Əsədova 2021-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının dövlət sərhədini buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasının İğdır şəhərinə gedib. Həmin şəhərdə yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş S.S. ilə birlikdə yaşadıqları evdə olarkən onu İğdır şəhərində restoranda işə düzəldəcəyini vəd etməklə aldadıb. Bundan sonra təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə edərək onu cinsi istismar etmək qərarına gəlib.

Bu məqsədlə təqsirləndirilən şəxs əlaqələrindən istifadə edərək, S.S.-ni məsuliyyətə cəlb etdirəcəyi, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, məcburetmə yolu ilə onun ümumvətəndaş pasportunu götürərək saxlayıb. 2021-ci ilin oktyabrından 2021-ci il dekabrın 30-dək olan müddət ərzində İğdır şəhərində yerləşən müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürməklə, pul ödənişi müqabilində cinsi əlaqədə olmasını təşkil edərək zərərçəkmiş şəxsi cinsi istismara məruz qoyub və bununla da insan alveri cinayətini törədib.

İstintaqla müəyyən edilib ki, Vüsalə Əsədova analoji cinayət əməllərini sonrakı dövrlərdə də davam etdirib. Belə ki, o, 2023-cü il dekabrın 19-da Bakı hava limanından Türkiyəyə gedən zərərçəkmiş M.M. ilə 2024-cü ilin mayın əvvəlində İğdır şəhərində tanış olub. Onu restoranda işə düzəldəcəyini vəd etməklə aldadaraq, zəiflik vəziyyətindən və təsir imkanlarından sui-istifadə edib, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürərək saxlayıb. 2024-cü ilin mayından 2024-cü il iyulun 23-dək İğdır şəhərində yaşadıqları evdə kişi müştəriləri ilə görüşdürərək pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etməklə, iki şəxs barəsində təkrarən insan alveri cinayəti törədib.

Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü il aprelin 7-də Bakı hava limanından Türkiyənin İstanbul şəhərinə gedib və istintaqa məlum olmayan ünvanda yaşayan zərərçəkmiş F.F. ilə 2024-cü ilin iyulunda mobil telefon vasitəsilə əlaqə saxlayıb. Onu İğdır şəhərində restoranda işlə təmin edəcəyini vəd etməklə aldadıb, cinsi istismar məqsədilə cəlb edib. Zərərçəkmiş şəxs razılıq verdikdən sonra onu İğdır şəhərində kirayə tutduğu mənzilə yerləşdirib, pasportunu götürərək saxlayıb və 2024-cü ilin iyulundan avqustunadək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürüb, pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib.

İttihama görə, Vüsalə Əsədova 2024-cü il avqustun 6-da Türkiyəyə gedən zərərçəkmiş D.D. ilə də analoji üsullarla hərəkət edib. 2024-cü il avqustun 8-də İğdır şəhərində yerləşən restoranların birində tanış olduğu zərərçəkmiş şəxsi işə düzəldəcəyini vəd edərək aldadıb, zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismara cəlb edib. Onu kirayə tutduğu mənzilə yerləşdirərək, hədə-qorxu və məcburetmə yolu ilə pasportunu götürüb saxlayıb və 2024-cü il avqustun 8-dən 2024-cü il sentyabrın 9-dək müxtəlif hotellərdə kişi müştərilərlə görüşdürərək cinsi istismar edib.

Məhkəmə istintaqı zamanı Vüsalə Əsədova ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, 2021-ci ilin iyul və ya avqust aylarında Türkiyəyə gedərək orada ofisiant kimi işləyib. Onun sözlərinə görə, ittihamda adı çəkilən qadınları tanımır, onlarla heç bir münasibəti olmayıb, həmin şəxsləri görməyib və yaşadığı yerə aparmayıb. Təqsirləndirilən şəxs qeyd edib ki, saxlanıldıqdan dörd ay sonra zərərçəkmiş şəxslər ifadə veriblər və pasportlarının onun tərəfindən götürülməsi ilə bağlı iddialar əsassızdır. Vüsalə Əsədovanın fikrincə, pasportu əlində olmayan şəxslərin müxtəlif hotellərə göndərilməsi mümkün deyil.

Link kopyalandı!
Son xəbərlər