Qəbələ Rayon Mərkəzi Xəstəxanasının (RMX) sabiq tibb bacısına cinayət işi açılıb.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, xəstəxananın Poliklinika şöbəsinin tibb bacısı vəzifəsində işləmiş R.Məsimova dələduzluq və oğurluqda ittiham olunub.
İttihama görə, R.Məsimova rayonun Həmzəli kənd sakini olan tanışını Qəbələ RMX-nin Təcili tibbi yardım şöbəsinə sürücü vəzifəsinə düzəldəcəyini söz verərək, ondan 12 min manat alıb. R.Məsimova həmin pulu xəstəxananın direktoruna vermək adı ilə alıb, lakin onu işə düzəltməyib.
İttihamda R.Məsimova, həmçinin qohumunun evindən oğurluq etməkdə də təqsirləndirilib. Bildirilib ki, o, qohumunun evinə daxil olaraq oradan 30 min manat oğurlayıb.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə cinayət işi başlanılıb. R.Məsimova polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa cəlb edilib.
R.Məsimova vəzifəsindən azad olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.