Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Paytaxtın Nəsimi rayonu ərazisində dörd avtomobildən içərisində pul, bank kartları, sənədlər olan çanta və pulqabıların, həmçinin mobil telefonun oğurlanması, beləcə zərərçəkənlərə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 40 yaşlı Səbuhi Mirzəyev saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki daha bir avtomobildən oğurluğa cəhd göstərməsi, həmçinin Abşeron rayonunda üç avtomobildən pul oğurladığı da müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
