Özbəkistan vətəndaşı Durdona Xakimovanın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaqda qan donduran detallara və təhlükəsizlik kamerası görüntülərinə rast gəlinib. Gənc qadının öldürüldükdən sonra parçalara bölünərək müxtəlif ərazillərə atıldığı müəyyən edilib.
Moderator.az xəbər verir ki, İstanbulun Şişli rayonuna bağlı Duatepe məhəlləsində baş verən dəhşətli hadisənin detalları ictimaiyyəti sarsıdıb.
Belə ki, Özbəkistan vətəndaşı, 36 yaşlı Durdona Xakimovanın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı istintaqda yeni və qorxunc görüntülər ortaya çıxıb.
Hadisə ötən gün saat 19:40 radələrində üzə çıxıb. Küçə və zibil konteynerlərindən kağız toplayan Okan Çetinbaşlar adlı şəxs konteynerdə kağız axtararkən əlində istilik hiss edib. Şübhələnərək zibil torbasını açdıqda isə orada qan və insan bədən üzvləri olduğunu görüb. Dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis və istintaq qrupları zibil konteynerində mələfələrə bükülmüş halda insan bədəni və qolları aşkarlayıb. Küçədə yerləşən başqa bir konteynerdə isə çamadanın içində cəsədə aid baş və digər bədən üzvləri tapılıb.

Aparılan araşdırmalar nəticəsində parçalanmış cəsədin silah və ov ləvazimatları satan mağazada işləyən, Özbəkistan vətəndaşı Durdona Xakimovaya aid olduğu müəyyən edilib. İstintaq zamanı Xakimovanın Ümraniyedə bir evdə öldürüldüyü, daha sonra cəsədinin taksi ilə Şişli rayonuna aparıldığı üzə çıxıb.
Araşdırmalar çərçivəsində qətlin Xakimovanın sevgilisi olduğu iddia edilən 31 yaşlı D.A.U.T. tərəfindən törədildiyi, 29 yaşlı G.A.K.-nin isə ona yardım etdiyi müəyyən olunub. Şübhəlilərin cinayətdən sonra cəsədi çamadanla taksiyə qoyaraq Şişliyə apardıqları təhlükəsizlik kameralarına düşüb. Xaricə qaçmaq istəyən hər iki şübhəli saxlanılıb.
Bundan başqa, hadisə ilə əlaqəli olduğu ehtimal edilən E.K. adlı daha bir şəxs də gözaltına alınıb. Xakimovanın Ümraniyedə yaşadığı evdə öldürüldükdən sonra cəsədinin çamadanla balkondan çıxarılıb taksiyə yerləşdirildiyi anların görüntüləri də üzə çıxıb.

Ortaya çıxan digər görüntülərdə isə Durdona Xakimovanın Fatihdəki evindən çıxaraq Ümraniyedəki ünvana getdiyi son anlar yer alıb.
Şübhəli Dılşod Akhrol oğlu Turdımurotovun polisə verdiyi ilkin ifadə isə daha dəhşətlidir. O, Xakimova ilə mübahisə etdikdən sonra qəzəblənərək onu bıçaqladığını, öldükdən sonra isə dostu ilə birlikdə cəsədi hissələrə ayırdıqlarını etiraf edib.
Şübhəli ifadəsində bildirib:
“Çox əsəbiləşdim, mətbəxdən bıçaq götürdüm. Qaçmaq istədi, arxasından bıçaqladım. Öldüyünü anlayandan sonra cəsəddən qurtulmaq qərarına gəldik. Hamam kiçik olduğu üçün salonda parçaladıq. Əvvəl başını kəsdik, qanının axmasını gözlədik, sonra çamadana yerləşəcək şəkildə doğradıq.”
Hadisə ilə bağlı istintaq davam etdirilir.
