ABŞ-nin Pensilvaniya ştatında yanvarın 13-də 11 yaşlı bir uşaq atasını yatdığı yerdə tapança ilə vuraraq öldürüb. Hadisənin səbəbi isə ictimaiyyəti təəccübləndirib.
Moderator.az xəbər verir ki, ABŞ mətbuatında yer alan məlumata görə, polis əməkdaşları gecə saat 03:20 radələrində polisə edilən zəng səbəbilə ünvana gəlib. Duncannon bölgəsində baş verən hadisə yerində aparılan araşdırma zamanı 42 yaşlı Douglas Dietzin yuxuda olarkən başından güllə yarası alaraq həyatını itirdiyi müəyyən edilib.
Aparılan araşdırmalar nəticəsində mərhumun 11 yaşlı oğlu əsas şübhəli şəxs kimi saxlanılıb. Belə ki, hadisə baş verən gün uşağın ad günü olub. Uşaq yataq otağına girərək “Atam öldü” deyə qışqırıb. Hadisə yerinə gələnlər uşağın anasına “Atamı mən öldürdüm” dediyini eşitdiklərini bildiriblər.
Uşaq ilkin ifadəsində atasını vuracağını planlaşdırdığını etiraf edib. Belə ki, o, hadisəni gecə yarısından sonra, valideynləri yatandan sonra törədib. Səbəb kimi isə atasının ona yatmaq vaxtının gəldiyini deməsinə əsəbiləşdiyini əsas gətirib. Valideynləri yatandan sonra uşaq əvvəlcədən əlindən alınmış “Nintendo Switch” oyun konsolunu axtarmağa başlayıb. Atasının seyfini açanda tapança ilə qarşılaşıb. Uşaq tapançanı seyfdən çıxararaq doldurub və yatağın atası yatan tərəfinə keçərək tətiyi çəkib.
Detektivlərin atəş açarkən nə olacağını düşünüb-düşünmədiyi sualına isə yalnız “əsəbi olduğunu və bunu düşünmədiyini” cavabını verib.
Saxlanılan uşağın zaminə buraxılma tələbi rədd edilib. Hadisə ilə bağlı məhkəmə iclasının yanvarın 22-də keçirilməsi planlaşdırılır.