Mediada yayımlanan məlumatlar əsasında Abşeron rayonunun Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Qulu Salman oğlu Quliyevə məxsus kəsim məntəqəsində plandankənar yoxlama keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik və sanitar-texniki tələblərə əməl olunmadığı aşkarlanıb. Belə ki, ölçmə vasitələrinin yoxlanmadan keçməsini təsdiq edən sənədlər təqdim edilməyib. Eyni zamanda, müəssisədə tullantı sularının kanalizasiya sisteminə axıdılmazdan əvvəl müvafiq qurğular vasitəsilə təmizlənmədiyi müəyyən edilib. Müəssisədə dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı, işçilərin əksəriyyətinin xüsusi geyim forması ilə təmin edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Müəyyən edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tətbiq edilib. Qeyd edilən nöqsanların aradan qaldırılması üçün işlərə başlanılıb.