Qonşuluqdakı sevgilisinin ərini öldürən gənc oğlanın məhkəməsi başladı
Hadisə
271
17:50, Bu gün

Qonşuluqdakı sevgilisinin ərini öldürən gənc oğlanın məhkəməsi başladı

Bakıda 29 yaşlı gənci öldürməkdə təqsirləndirilənlər Zahir Soltanov və Leyla Abbasovanın cinayət işinin məhkəmə baxışı keçirilib.

Moderator.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda Zahir Soltanov suallara cavab verib.

Z.Soltanov digər saxlanılan Leyla Abbasova ilə hasar qonşusu olduğunu deyib:

"Leylanın harayını eşidəndə gecə saat 3 idi. Onların evinin pəncərəsi bizim evə baxır. Mən onların evinə girəndə darvazanın qapısı açıq idi, zala çıxan qapı da açıq idi. İkramı qapı aralığında görən kimi bıçağı ona vurdum. O, qan içində otaqdan çıxdı, zala çatanda yerə yıxıldı. Mən adyalı onun üstünə atdım. Sonra çıxıb evimə getdim, bıçaq da üstümdə idi. İkramla münasibətim yanvardan pozulmuşdu, son iki ay lap pisləşmişdi. Hadisə günü məni pis təhqir etdi. Leyla istəmirdi ona zərər verməyimi, qarşımı almağa çalışırdı. Leyla bilmirdi mənim gəlib onu öldürəcəyimi. Ona toxunmamağımın səbəbi üç uşağının olması idi. Amma son təhqir əsəblərimi tarıma çəkdi".

Digər təqsirləndirilən Leyla Abbasova liseydə oxuduğu vaxtdan İkram Piriyevi tanıdığını bildirib:

"Məni qaçırmışdı, evləndik, bir müddət sonra ilk uşağımız oldu. Bir müddət sonra onun mənə xəyanətini hiss elədim. Qohumlarında olan bütün cavan qızlarla mənə xəyanət edirdi, telefonunun qalereyasında ədəbsiz formada çəkilən şəkillərini görürdüm. Bunu ona deyəndə, əməllərindən əl çəkməyini istəyəndə məni döyürdü. Zahir qonşuluqda yaşayırdı. Onunla telefonda danışırdım, yazışırdım, amma sevgili kimi yox. Mənə öz problemlərindən, yaşadıqlarından danışırdı, mən də onunla dərdləşirdim.

Zahirə hər dəfə İkramın xəyanətindən danışanda deyirdi ki, boşan, yoxsa onu öldürəcəyəm. Bir dəfə İkram məni döyəndə Zahir mənim ağlamaq səsimi eşidib qapıya kimi gəlmişdi ki, sən razı olmasan da, onu öldürəcəyəm, onu güclə yola gətirib çəkindirdim. İkrama Zahirlə danışdığımı etiraf etdim. Dedi ki, səni bağışlayıram. Amma ona de ki, həyətə gəlsin. Dişim ağrıdığından həkimə getmişdim, qayıdanda gördüm ki, İkram həyətdə əlində bıçaq , uşaqlar da yanında oynayır. Axşam yemək yedik, uşaqları yatırdım. Aparıb otaqlarına qoyduq. Mən onların yanında yatdım. Gecənin bir vaxtı İkram məni oyatdı ki, "Dur, uşaq ağlayır, sakitləşdir onu, səhər 5-də işə gedəcəyəm". Qızımı yatırdandan sonra otaqdan çıxdım və İkramı yerdə uzanmış halda gördüm. Elə bildim ürəyi gedib. Açıq qalmış pəncərədən baxanda qara bir kölgənin evdən uzaqlaşdığını gördüm. Haray salıb qonşuları köməyə çağırdım. Polis gəldi, məni bölməyə apardılar. Sonra Zahir əməlini boynuna aldı".

Növbəti məhkəmə yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqustunda Bakının Zabrat qəsəbəsində baş verib. 1997-ci il təvəllüdlü İkram Piriyevin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, hadisəni münaqişə zəminində 2005-ci il təvəllüdlü Zahir Soltanov törədib. O bundan sonra 15-ci polis şöbəsinə gedərək təslim olub.

İbtidai istintaqla müəyyən edilib ki, mərhum İkram Piriyevlə Zahir Soltanovun mübahisəsinə səbəb İkramın həyat yoldaşı Leyla Abbasova olub. Zahir Soltanovla qonşusu Leyla Abbasovanın 2024-cü ildən başlayan yaxın münasibətlərindən xəbər tutan İkram buna görə Zahirlə bir neçə dəfə mübahisə edərək onu təhqir etməsinə baxmayaraq, onlar sevgili münasibətlərini davam ediblər.

Zahir Soltanov sevgilisinə onun ərini öldürəcəyi barədə bir neçə dəfə xəbərdarlıq da edibmiş. Sonuncu dəfə İkram Zahirə zəng edərək onu təhqir etdikdən sonra Zahir onun evinə gedərək İkramla mübahisə zamanı ona çox sayda bıçaq zərbəsi endirərək qətlə yetirib.

Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) Leyla Abbasova isə CM-in 32.5,120.2.9-cu (köməksiz vəziyyətdə olan adamın qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilərək barələrində ittiham verilib. (oxu.az)

Link kopyalandı!
Son xəbərlər