Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənovun (adları və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 2 il 3 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib və onlar məhkəmə iclas zalından sərbəst buraxılıblar.
İttiham aktına əsasən, İsrafil Bəbirov tanışları - Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xuliqanlıq məqsədilə ağır cinayət əməli törədib.
Hadisə 2025-ci il avqustun 6-da gecə saat bir radələrində Şəmkir rayonu ərazisində baş verib. Belə ki, təqsirləndirilən şəxslər əvvəllər tanımadıqları zərərçəkmiş İmaməddin Qurbanov (adı və soyadı şərtidir) haqqında məlumat əldə ediblər ki, o, İsrafilin qardaşının həyat yoldaşı ilə qadının razılığı əsasında görüşmək məqsədilə yaşadığı evə gəlib. Məsələnin onlara heç bir aidiyyəti olmamasına baxmayaraq, təqsirləndirilən şəxslər bu halı bəhanə edərək hərəkətə keçiblər.
Müəyyən edilib ki, gəldiyi ünvandan qaçmağa çalışan zərərçəkmiş şəxs qonşuluqda yerləşən evin həyətinə keçib. Təqsirləndirilən şəxslər İmaməddini orada aşkar edərək, heç bir əsaslı səbəb olmadan, öz üstünlüklərini nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyəti ilə xüsusi amansızlıq göstəriblər. Onlar əvvəlcə zərərçəkmiş şəxsi həmin həyətdə döyülər, daha sonra isə sürüyərək Şəmkir şəhəri, Səməd Vurğun küçəsinə aparıblar. Orada İmaməddinə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və davamlı şəkildə yumruq və təpik zərbələri endirib, həmçinin yerdən götürülmüş istintaqa məlum olmayan ağac parçası ilə qəsdən vurublar.
Hadisə nəticəsində zərərçəkmiş şəxsə alın nahiyəsinin sol hissəsində dərialtı hematom, sol gözaltı və burun nahiyəsində əzilmiş yaralar, sol gözün ağlı qişasında qansızma, hər iki bazu nahiyəsində çox sayda qançırla müşayiət olunan xəsarətlər yetirilib. Bundan əlavə, sağ bazu oynağının çıxığı və sağ bazu sümüyünün yuxarı üçdəbirinin qapalı sınığı qeydə alınıb. Bu xəsarətlər zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmasa da, sağlamlığının uzun müddətə pozulmasına səbəb olub.
İstintaqın nəticələrinə görə, təqsirləndirilən şəxslərin hərəkətləri ağır iztirablar verməklə və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurma cinayəti kimi qiymətləndirilib və onların əməlləri Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif olunub.
Hadisədən sonra İsrafil Bəbirov, Samir Hətəmov, Güləli Bayramov, Saqif Əsədov və Nəsir Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.