Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, 23 yaşlı Kənan Əmirov sərxoş vəziyyətdə yolun hərəkət hissəsində uzanıb. Bu zaman 39 yaşlı Toğrul Süleymanov idarə etdiyi avtomobillə onu görməyərək üzərindən keçib. Kənan Əmirov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Paytaxtda və bölgələrdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı artıb. Texnologiyanın inkişafı və hər yerdə kameraların quraşdırılması qaranlıqda qalan hadisələri gün üzünə çıxarır. Nəticədə, sürücülərin, sərnişinlərin və ya piyadaların ölümü ilə nəticələnən faciəvi görüntülərin şahidi oluruq. Bəzi hallarda yol qəzaları zamanı sürücülər günahlandırılsa da, piyadaların da üzərinə məsuliyyət düşür.
Bəs belə mübahisəli məqamlarla bağlı qanun nə deyir?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, belə hallarda ilk olaraq sürücüyə qarşı yox, hadisə ilə bağlı cinayət işi açılır. Araşdırma zamanı sürücünün və ölən şəxsin günahı araşdırılır.
"Bu halda, təbii ki, sürücü məsuliyyət daşıya bilər. Lakin araşdırma zamanı müəyyən edilsə ki, görüntü məhdudiyyəti olub, qaranlıq şəraitdə sürücünün piyadanı görməsi mümkün olmayıb və hər hansı qayda pozuntusu yoxdur, günah sərxoş vəziyyətdə yolun hərəkət hissəsində uzanan piyadadadırsa, bu zaman sürücü məsuliyyətdən azad olunur və cinayət işinə xitam verilir", - deyə ekspert bildirib.