Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb
Hadisə
1308
04 Jan 2026 | 15:30

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yaranan buzlaşma səbəbindən nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Moderator.az xəbər verir ki, artıq bir saatdan çoxdur onlarla avtomobil yolda hərəkətsiz vəziyyətdə qalıb.

Mövcud vəziyyət həm paytaxtdan Ağsu istiqamətində hərəkət edən sürücülərə, həm də regionlardan Bakıya doğru gedən nəqliyyat vasitələrinə ciddi çətinliklər yaradır.

Yolun hər iki istiqamətində buz qatının əmələ gəlməsi nəticəsində avtomobillərin hərəkəti faktiki olaraq mümkünsüz olub. Sürücülər enişli-yoxuşlu dolaylarda nəqliyyat vasitələrini idarə etməkdə çətinlik çəkir, bəzi avtomobillər isə sürüşərək yolda qalırlar. Uzun tıxac yaranması səbəbindən ərazidə gərginlik də müşahidə olunur.

Məsul qurumların əraziyə gecikməsi səbəbindən sürücülər və yaxınlıqda yaşayan sakinlər vəziyyətdən çıxış yolunu özləri axtarmağa məcbur qalıblar. Belə ki, onlar yol kənarında olan qum və torpağı yola səpərək avtomobillərin hərəkətini qismən bərpa etməyə çalışırlar. Buna baxmayaraq, güclü buzlaşma səbəbindən görülən tədbirlər hələlik nəticə vermir.

Sürücülər aidiyyəti qurumlara müraciət edərək yolun təcili şəkildə təmizlənməsini və duz-qum qarışığının səpilməsini xahiş edirlər. Hazırda əraziyə məsul qurumların texnikası və əməkdaşlarının cəlb olunmaması vəziyyəti daha da ağırlaşdırır.

Link kopyalandı!
Son xəbərlər