Bizi sosial şəbəkələrdən izləyin:
"Xarici İşlər Nazirliyinin köməyi olmasaydı, oğlumun nəşini İrandan ala bilməzdim".
Moderator.az APA-ya istinadla xəbər verir ki, bunu Xəzərin İran sahilində meyiti tapılan Turan Həsənovun atası Eyvaz Həsənov deyib.
E.Həsənov bildirib ki, o, İran tərəfdə 12 gün qalıb və oğlunun meyitini əzab-əziyyətlə, xarici işlər naziri Ceyhun Bayramovun köməyi, müdaxiləsi ilə Azərbaycana gətirə bilib:
"İran tərəfindən məlumat verildi ki, oğlumun meyiti tapılıb. Çəkiliş edib atdılar bizə. Baxdıq, təsdiqləndi ki, həqiqətən oğlumdur. Getdim ora, 12 gün qaldım. Məni orada çox incitdilər, cəsədi vermirdilər. Xarici İşlər Nazirliyinin köməkliyi ilə ala bildim, xarici işlər naziri cənab Ceyhun Bayramov sağ olsun.
Meyiti verməmələrinin səbəbi barədə deyirdilər ki, guya bizim tərəfdən şikayət olunubmuş ki, övladım orada sahilə sağ-salamat çıxıb, onlar tərəfindən öldürülüb. Amma mən də, yoldaşım da təsdiq etdik ki, həqiqətən də iki əmioğlu - Həsənov Ağadədə və Həsənov Turan balıq ovuna gediblər, itkin düşüblər. Mən notariat qaydada təsdiq etdim ki, İran dövlətindən şikayətim yoxdur. Təsdiq olunan sənədləri ora göndərdim. Bundan sonra dedilər gəlin, cəsədi veririk, amma vermədilər. Başladılar müxtəlif bəhanələr gətirməyə. Uşağı zülmlə verdilər. XİN-nin köməyi olmadan onlardan uşağımın meyitini heç cür ala bilməzdim. Sağ olsun dövlətim, sağ olsun xalqım, onların dəstəyi ilə öz övladımın nəşini vətənimə gətirdim".
Qeyd edək ki, itkin düşmüş digər balıqçı Ağadədə Həsənovun meyiti isə dekabrın 19-da Xəzər dənizinin Astara rayonu ərazisindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.