Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Tənzilə Saməddin qızı Xaliqovaya məxsus "Kababçı" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulması halları aşkarlanıb.
Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, məhsulların çirklənmədən qorunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, ayrıca yuma çanaqlarının təşkil edilmədiyi məlum olub.
Bununla yanaşı, divar və tavan səthlərinin tamlığının pozulduğu, istifadə olunan suyun filtrasiya olunmadığı, məhsulların saxlanma rejiminin normativ tələblərə cavab vermədiyi və mal qonşuluğu prinsipinə riayət olunmadığı müəyyən edilib.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, mətbəxdə istehlaka hazır qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. İctimai iaşə müəssisəsində nöqsanlar aradan qaldırılana kimi işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.