Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayının camış ətini dana əti adı ilə təqdim edərək istehlakçıları aldatdığını aşkarlayıb.
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, sözügedən "Ramin-Nur" şadlıq sarayı "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşovundur.
Şadlıq sarayına da oğlu Raminin adını verib. Ramin Göyüşov özü də iş adamıdır. Müxtəlif vaxtlarda mediada onun da adı hallanıb.
Hansı ki, həmin şirkətlə bağlı da müxtəlif vaxtlarda şikayətlər olub. Elə beş gün əvvəl həmin şirkətin Dərnəgül qəsəbəsində ağacları kəsməsi ilə bağlı şikayət daxil olmuşdu.
Həmin şikayətlə bağlı hazırda araşdırma aparılır.
Qeyd edək ki, Xəlil Göyüşovun Bakıda bir neçə villasının, Sumqayıtda əlavə şadlıq sarayının olduğu deyilir.
Xatırladaq ki, 2024-cü ildə Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) iki nəfər boğularaq ölmüşdü. Həmin tunel də "Azərbaycan Dəmir Yolları"nın sifarişi əsasında Xəlil Göyüşova məxsus "Körpü Bina Tikinti" MMC tərəfindən inşa edilib.