Dövlət rüsumundan azad olunan şəxslərin siyahısı genişlənir.
Moderator.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderinin verilməsi üçün müraciət etdikdə dövlət rüsumu ödəməyəcəklər.
Qanun layihəsi məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçi tərəfindən uzunmüddətli mühafizə orderinin verilməsi üzrə məhkəməyə ərizə verilməsi ilə əlaqədar dövlət rüsumunun ödənilməsindən azad edilmə məqsədilə hazırlanıb.
Qeyd etmək lazımdır ki, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin (60 gündən 180 gün müddətinədək) verilməsi məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məhkəmə tərəfindən tətbiq olunur.
Belə ki, məişət zorakılığı törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərər çəkmiş şəxs, müvafiq icra hakimiyyəti orqanı və ya prokuror uzunmüddətli mühafizə orderinin verilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir.
Hazırda "Dövlət rüsumu haqqında" qanuna əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunub, eyni zamanda məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları bu ödənişlərdən azad edilib.