Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə ərinin qətlində təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, müttəhimin vəkili vəsatət qaldıraraq, müdafiə etdiyi şəxsin azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədə kənar şəxslərin olmamasını istəyib.
Məhkəmə bu vəsatəti təmin etməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən N.Quliyeva ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyini deyib.
Növbəti proses 8 yanvar saat 10:00-a təyin olunub.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Bakı şəhərinin Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq qətlə yetirib. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.