Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub, nəticədə 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, pelet sobasının istifadə olunduğu məktəbdə kombi sistemi quraşdırılıb.
Bir ilə yaxındır kombi sistemi quraşdırılsa da, bundan istifadə edilməyib. Şirvan-Salyan Regional Təhsil İdarəsindən səbəb kimi hələ məktəbdə qazlaşdırılma prosesinin başa çatmadığı qeyd olunub.
Ancaq o da bəlli olub ki, məktəbin mərkəzləşdirilmiş istixanası mövcuddur.
Müəyyən edilib ki, sözügedən məktəb "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilib. Həmin dövlət proqramında Aşağı Noxudlu kənd tam orta məktəbinin əsaslı təmiri nəzərdə tutulub.
Lakin təqdim edilən fotolarda əsaslı təmirdən heç bir əsər-əlamət yoxdur. Layihənin icraçılarından biri də yerli icra hakimiyyəti olub.