DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub
Hadisə
152
17:05, Bu gün

DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub

Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlamaqda təqsirləndirilən kibercinayətkar şəbəkənin üzvləri - Sərdar Niftalıyev və Rafiq Zöhrabovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər.

Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Sərdar Niftalıyevə və Rafiq Zöhrabova yeddi il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - "deepfake" texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti, "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı DTX-nin İstintaq baş idarəsində AR Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2, 273-2-ci və 178.3.1 maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət ediliblər, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Rafiq Mahir oğlu Zöhrabov və 1979-cu il təvəllüdlü Sərdar Əlixan oğlu Niftalıyev Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunublar, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın yekununda hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.1 (Dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

Link kopyalandı!
Son xəbərlər