Bu ilin avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovun məhkəmə prosesi başa çatıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Zəngilan Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs 7 ay müddətinə islah işlərinə cəlb edilib. Lakin 55 gün ev dustaqlığında olduğu üçün bir günə dörd gün hesablanmaqla ona təyin edilmiş islah işləri cəzası çəkmiş hesab olunub. Bundan başqa, aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulacaq.
Məhkəmədə ifadə verən V.Əlpənahov yanğının necə baş verdiyini danışıb:
"Məscidin arxasındakı ərazidə özümə məxsus iki ədəd arı yeşikləri var. 7-10 gündən bir həmin yeşiklərə gedib qulluq edirdim. Hadisə günü arılara tüstü vermək məqsədilə körüyü yandırdım. Həmin vaxt hava küləkli olduğu üçün yandırdığım körükdən qığılcım çıxdı, ətrafdakı kolluq əraziyə düşdü və alışaraq yanmağa başladı. Ocağı söndürməyə çalışsam da, alınmadı, hava küləkli olduğu üçün yanğın ətraf ərazilərə də yayılmağa başladı. Bu vaxt ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verdim, daha sonra hadisə yerinə FHN-in yanğınsöndürənləri gəldi".
Qeyd edək ki, yanğın "Məscid düzü" adlanan ərazidən Zəngilan rayonu Ördəkli kəndinə qədər olan əraziyədək təxminən 5000 hektardan çox əraziyə yayılıb. Yanğın zamanı təbiətə 8672 manat məbləğində ziyan dəyib.
Onu da əlavə edək ki, Vüsal Əlpənahov Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin Əmlakın İdarəetmə Şöbəsinin məsləhətçisi işləyir.