Yeniyetmə oğlunun atasını öldürdüyünü istintaqdan gizlədən ana cinayət məsuliyyətinə cəlb edilib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 39 yaşlı Mətanət Hüseynova xüsusilə ağır cinayəti bilib gizlətmə ittihamı ilə hakim qarşısına çıxarılıb.
Hadisə ötən ilin dekabrında baş verib. Mətanət Hüseynova 41 yaşlı əri Röyal Hüseynovun qətlindən sonra 2 günə yaxın şübhəli şəxs kimi saxlanılıb, hadisənin 15 yaşlı oğlu tərəfindən törədildiyi ortaya çıxandan sonra isə sərbəst buraxılıb. Yeniyetmə istintaqın sonunda atasının ölümünə görə 10 il azadlıqdan məhrum edilib.
Mətanət məhkəmədə oğlunun onun yanında törətdiyi tükürpədici cinayət əməlinin detallarını danışıb.
Bu epizod həddən artıq ağır olduğu üçün yeniyetmə oğulun atasını necə öldürməsi barədə qadının dediklərini tam təqdim edə bilmirik.
Qadının sözlərinə görə, hadisə baş verən vaxta kimi əri və 2 övladı ilə birgə Salyanın Yeni Uluxanlı kəndindəki fermada yaşayıb, çobanlıqla məşğul olublar.
Son illərdə isə əri pis vərdişlərə qurşandığı üçün ona əzab verib: "Röyal sonuncu dəfə qoyunları yaxşı ayıra bilmədiyimə görə məni təpik-yumruqla döyüb yerə yıxdı. Bununla da hirsi soyumayaraq kürəyimə təpik vurdu. Həmin gün anama zəng edib dedim ki, gəlib məni aparın. Amma mənə sahib çıxmadılar. Hətta bir ara fikirləşdim ki, Röyaldan canımı qurtarmaq üçün narkotik istifadə etdiyi barədə polisə məlumat verim. Fikirləşirdim ki, buna görə onu tutarlar, rahatlaşarıq. Oğlum sonuncu dəfə Röyalın məni bərk döydüyünü gördüyü üçün "ana, narahat olma, səni onun əlindən qurtaracağam" demişdi. Amma nə edəcəyi heç ağlıma gəlməzdi…"
Mətanət hakimə deyib ki, cinayət baş verən günü də əri onu bərk döyüb. Həmin vaxt artıq səbir edə bilməyən oğlu evdəki ov tüfəngini götürərək atasını güllələyib: "Oğlumun belə bir şey edəcəyini düşünməzdim. Həmin an nə edəcəyimizi bilmədik. Ən birinci digər otaqda yatan azyaşlı qızımın hadisədən xəbər tutmamasına çalışdıq. Onu otaqdan çölə çıxmağa qoymadıq. Bundan sonra nə edəcəyimizi düşündük. Oğlum hələ uşaq idi, qətl törətdiyini deyə bilməzdim. Belə olan halda meyiti yox etməli idik. Ətrafda kameralar olduğu üçün meyiti bir neçə hissəyə ayırıb torbada aparmalı idik. Belə də etdik...
Bundan sonra meyiti torbada atın belinə qoyub, aparıb kənddən kənardakı kollektora atdıq. Evə qayıdan kimi isə əvvəlcə tüfəngi odun sobasına atıb yandırdım, sonra da DİN-in "102" xidmətinə zəng edib ərimin itkin düşdüyünü dedim. Amma bir neçə gün sonra polisdə bizə qarşı şübhələr yarandı. Əvvəlcə məni saxladılar, iki gün sonra isə oğlum etiraf etdi, onu həbs etdilər. 5 ay əvvəl də oğluma 10 il iş verdilər. Kaş bu hadisələr olmazdı. Hər şeyə görə peşmanam".
Atasını öldürən yeniyetmə anasının məhkəməsində şahid kimi ifadə verib. O da hər şeyi olduğu kimi danışıb.
Məhkəmə yekunda Mətanət Hüseynovanı ağır cinayətdən xəbərdar olub onu gizlətməkdə təqsirli bilib.
Qanuna görə bu cinayətdə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər azadlıqdan məhrum edilməlidir. Lakin hakim Vəsilə Əliyeva qadını bu əməlinə görə həbslə cəzalandırmağı ədalətli hesab etməyib. Təqsirləndirilən şəxsin hazırda himayəsində iki azyaşlı övladının olması, yeniyetmə oğlunun isə məhkum edilməsi yumşaldıcı hal kimi qiymətləndiirlib. Hakim hökmündə qeyd edib ki, ana həbs edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər. Bu səbəbdən onun şərti məhkum edilməsi ədalətli və humanist olar, həmçinin islah edilməsi üçün kifayət edər. Yekun olaraq Mətanətə 2 il şərti cəza verilib.
Məlumat üçün bildirək ki, təqsirləndirilən qadın Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır. Hadisə vaxtı həkim Röyala qoşulub qaçmış qızını 15 ildir görmədiyini, arxasıyca getmək fikrinin də olmadığını açıqlamışdı.