Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı
Hadisə
113
17:55, Bu gün

Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı

Bakıda reabilitasiya müəssisəsində dava olub.

Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Zabrat-Pirşağı yolunda yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydə alınıb.

Yaşayış yerləri olmadığı üçün burada qalan iki şəxs arasında kondisionerə görə dava düşüb. Belə ki, 67 yaşlı Nicat Rüstəmov gecə saatlarında kondisionerin səsindən onun nasaz olduğunu düşünüb və cihazı söndürüb. Onun otaq yoldaşı isə yuxudan oyanıb, Nicatın kondisioneri söndürməsinə əsəbiləşib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf Nicata "erməni" deyib. Bu söz onun xoşuna gəlməyib və otaq yoldaşının sinəsində oturaraq sifətinə iki-üç dəfə yumruq zərbəsi vurub. Nəticədə zərərçəkənin burnu sınıb və digər xəsarətlər alıb.

Bu əməlinə görə Nicat Rüstəmov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən Nicat Rüstəmov ifadəsində otaq yoldaşını sırf "erməni" sözünə görə vurduğunu və əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə görə hər ikisini sığınacaqdan xaric ediblər.

Zərərçəkən şəxs isə Nicatla barışmaq fikrində olmadığını və ona, ağır olmasa da, cəza verilməsini istəyib.

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Nicat Rüstəmov barəsində bir il bir ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər