Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, ictimai fəallar - Abid Qafarov və Beydulla Manafovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, onların barəsində olan cinayət işi üzrə qiyabi ibtidai istintaq dekabrın 2-də tamamlanıb.
Təqsirləndirilən şəxslərə izah edilir ki, Cinayət Prosessual Məcəlləsinin 91, 284 və 285-ci maddəllərinə əsasən cinayət işinin materialları ilə ayrı-ayrılıqda və yaxud müdafiəçi ilə birlikdə tanış olmaq, digər prosessual hərəkətlərlə bağlı vəsatətlər vermək, özünün seçimi ilə müdafiəçi ilə təmsil olunmaq və digər hüquqlara malikdir.
Təqsirləndirilən şəxslər və onların vəkillərinə 9 dekabr 2025-ci il tarixdən etibarən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şəriat yaradılacaqdır.
Həmçinin izah edilir ki, istintaqa gəlmədikləri halda Cinayət Prosessual Məcəlləsinin 467-13-cü maddəsinə əsasən qiyabi icraatda açılmış cinayət işi məhkəməyə göndərilə bilər və ya barələrində qiyabi hökmün, yaxud məhkəmənin digər yekun qərarının çıxarılması ilə nəticələnə bilər.
Qeyd edək ki, 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva və digər şəxslərin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, "YouTube"da istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı videomüraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunlu videomaterialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resurslar vasitəsi ilə yayılmasına, habelə Beydulla Ənvər oğlu Manafov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentyabr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq, bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resusları vasitəsilə təkrarən yaymasına, eləcə də, Abid Abdin oğlu Qafarov və qeyriləri ilə bir qrup şəxs halında birləşərək, həmin kanalda 26 iyun 2024 və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan videomaterialları idarə etdiyi kanalda qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.