Lütvəli Babayev məhkəmədə ifadə verdi
Hadisə
199
21:00, Bu gün

Lütvəli Babayev məhkəmədə ifadə verdi

Sabiq icra başçısı Lütvəli Babayevin oğlunun külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslər, sabiq baş həkim Aruz Əliyev və tanışı Ehtiram Kərimovun cinayət isi üzrə növbəti məhkəmə iclası keçirilib.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən proses eks-icra başçısı Lütvəli Babayevin ifadəsi ilə işini davam etdirib.

O, oğlunun vergi ilə bağlı heç bir probleminin olmadığını deyib: "Babaəlinin vergi ilə bağlı problemi olmayıb, çekləri var, bununla bağlı yayılan məlumatlar əsassızdır. Babaəlinin borclu olduğunu Aruz demişdi. Lakin sonradan oğlum dedi ki, onun heç bir borcu yoxdur. Bu məsələ 2017-ci ildən üzə çıxmışdı. Aruzla oğlumun alver məsələsindən xəbərim olmayıb. Aruz hər görüşdə öz borclarını etiraf edərək 2 aya qaytaracağını deyirdi. Bir dəfə dedi ki, etibarnamə Ehtiramdadır, yerdə qalanını da mən qaytararam. Oğlumun Ehtiram və Aruzla olan iş görüşməsindən ancaq ev satışından sonra bilmişəm".

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

Xatırladaq ki, Babaəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata satıb pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babazadənin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələ ilə bağlı Babaəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babaəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.

O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babaəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib, əmlaklar satışa çıxarılıb. Onun dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babaəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafeləri üçün sərf ediblər. A.Əliyev bu cinayətin üstü açılana kimi "Uniklinika"nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulublar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

Qeyd edək ki, Babaəli Babazadənin atası Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdab rayonun icra başçısı olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər