Goranboyda döşəməsi çökən bina söküləcək - RƏSMİ
Hadisə
125
19:17, Bu gün

Goranboyda döşəməsi çökən bina söküləcək - RƏSMİ

"Goranboyda döşəmənin çökməsi nəticəsində yararsız hala düşən bina söküləcək".

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyəti başçının birinci müavini, rayon Fövqəladə Hallar komisiyasının sədri Seymur Nazarov bildirib.

Onun sözlərinə görə, qəza baş verən binanın yerində yenisi tikiləcək: "Noyabrın 23-də səhər saatlarında Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsi, 4 ünvanında yerləşən 60 mənzilli beşmərtəbəli yaşayış binasının 5-ci blokunun birinci mərtəbəsindəki evlərinin döşəməsi çöküb. Həmin hadisədə 3 nəfər yüngül xəsarət alıb. Dərhal hadisə yerinə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, FHN-in və digər qurumların əməkdaşları cəlb ediliblər. Müvafiq qurumlar gücləndirilmiş iş rejiminə keçib, sakinlər təxliyə olunublar. Təhlükəsizlik qaydalarına riayət olunmaqla əməliyyat işərinə dərhal başlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə baş verən binanın yaxınlığında postlar qurulub. Ərazi polis əməkdaşları tərəfindən mühafizə olunur. FHN qurumlarının verdiyi ilkin rəyə əsasən, binanın tamamilə sökülərək yerində yeni binanın inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Bina sakinlərinin kirayəyə çıxarılması ilə bağlı işlər yekunlaşıb. Sakinlərin kirayə xərcləri dövlət tərəfindən təmin olunacaq".

Qeyd olunub ki, yeni inşa ediləcək bina köhnə binanın həyətində tikiləcək: "Hazırda FHN-nin və Layihə İnstutunun əməkdaşları yerin müayinəsini aparırlar. Layihələndirmə işlərinə start verilməkdədir. Yaxın vaxtlarda hazırlanacaq layihə əsasında yeni binanın inşası ilə bağlı işlərə başlanılması planlaşdırılır".

Hadisə baş verən binanın yaxınlığında Rayon İcra Hakimiyyəti ilə FHN-nın Aran regional mərkəzi birlikdə qərargah yaradıb. Qərargahda icra hakimi və FHN Aran Regional Mərkəzinin rəisi, polkovnik-leytenant Ramin Orucov sakinləri dinləyiblər.

Link kopyalandı!
Son xəbərlər