Yaşayış binasında döşəmə çöküb - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO
Hadisə
472
11:55, Bu gün

Yaşayış binasında döşəmə çöküb - Xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla dörd nəfər xəsarət alıb.

Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Moderator.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Goranboyda yaşayış binasında döşəmə çökməsi zamanı xəsarət alanların adları məlum olub.

Moderator.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.

Hazırda xəsarət alan şəxslərin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.

Moderator.az "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər