Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhqir və təhdid etməsi əks olunub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə, davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub.
Məlumatda qeyd olunub ki, D.Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub:
"D.Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu dolayısı ilə təsdiq edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib".