Mənimsəmədə təqsirləndirilən Vaqif Ağayevin barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə proses başa çatıb.
Moderator.az Pravda.az-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib, ona şərti cəza verilib. Vaqif Ağayev dərhal həbsdən azad olunub.
İttihama görə, Vaqif Ağayev 2020-ci ildə ASC-lərdən birinin Yardımlı rayonu Sırıq kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləyib. O, buğda toxumu məhsulların satışından əldə edilməli olan 133 725.02 manat məbləğində pul vəsaitindən 132 045.02 manat pul vəsaitini ASC-nin hesabına daxil edib. Lakin təqsirləndirilən şəxs yerdə qalan 1 679.71 manat pul vəsaitini həmin şirkətin hesabına daxil etməyib. Daha sonrakı əməliyyatlara da ümumilikdə 57 401.22 manat dəyərində məhsulu − özgənin əmlakını mənimsəmə yolu ilə talayıb.
İlkin instansiya məhkəməsi - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest, zərərçəkmiş isə apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, protest və apellyasiya şikayəti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli bəraət hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Vaqif Ağayev 5 il müddətə azadlıqdan məhrum edilərək, dərhal məhkəmə iclas zalından həbsə alınmışdı. Bu hökmdən isə təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdi.