Tərtərdə anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən Sədi Əliyevin cinayət işi üzrə məhkəmə keçirilib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sədi Əliyevə verilmiş ittiham üzrə 120.2.4-cü maddə 120.1-ci maddəyə tövsif olunub. Ona 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən il Tərtər rayonunda baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü Abil Əliyevin öldürülməsi fakı ilə bağlı prokurorluğa məlumat daxil olub. İbtidai istintaqla Sədi Əliyevin qardaşı Abil Əliyevi aralarında yaranmış mübahisə zamanı analarının gözü qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sədi Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.