DİN şəhid atasının iddialarına cavab verib - VİDEO
Hadisə
613
10 Oct 2025 | 18:57

DİN şəhid atasının iddialarına cavab verib - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) şəhid atasının təzyiq iddialarına cavab verib.

DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar postda yol polisi əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı videomüraciətləri yayılıb:

"Oktyabrın 4–də “BMW X6” markalı, 77-CD-226 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı “102” Xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar postda avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb.

Müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq ona təzyiq göstərilməsi ilə bağlı videoçəkilişlər aparıb.

Onunla izahedici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib".

DİN qeyd olunanları nəzərə alaraq, vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair görüntüləri təqdim edib.

"Daxili İşlər Nazirliyi bir daha bildirir ki, şəhid ailələrinə və qazilərə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu həssas münasibətdən sui-istifadə edərək kobud qanun pozuntularına yol vermək və digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratmaq, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarəetmə halları qəbuledilməzdir. Qanuna hörmət həm şəhidlərə, şəhid ailələrinə, həm də cəmiyyətə göstərilən ən böyük ehtiramdır", məlumatda deyilir.

 

Link kopyalandı!
Son xəbərlər