Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı cinayət işinə xitam verilməsi barədə qərar ləğv edilib.
Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Bakı Ağır Cinatətlər Məhkəməsində keçirilən prosesdə bildirilib.
Baş Prokurorluq Anar Əsədlinin cinayət işinə xitam verilməsi ilə bağlı qərarı ləğv edərək iş üzrə istintaqı yeniləyib.
Anar Əsədlinin vəkili Hikmət Əliyev bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq-külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə yenidən ittiham verilib, barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu gün hakim Elnur Nuriyevin sədrliyi ilə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası 24 oktyabra təyin edilib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlinin ev dustaqlığına buraxılması ilə bağlı qərar verib.