Kişi yad oğlanla söhbət edən sevgilisini döydü, sonra avtobus qaçırdı
Hadisə
986
09 Oct 2025 | 17:40

Kişi yad oğlanla söhbət edən sevgilisini döydü, sonra avtobus qaçırdı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi ələ keçirməkdə təqsirləndirilən İbrahim Cəbiyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Moderator.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttiham aktına görə, İbrahim Cəbiyev 2024-cü ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisində, Xırdalan dairəsindən dəmir yolu xəttinə gedən yolun üstündə qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Maya Quliyevanı (ad-soyad şərtidir) döyüb.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkən Maya Quliyeva yaxınlıqda yerləşən iş yerindən çıxarkən, onun tanımadığı bir şəxslə söhbət etdiyini görüb. Bu zaman İbrahim qısqanclıq zəminində yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Quliyevaya qarşı zorakılıq hərəkətləri edib. O, əvvəlcə qadının boğazından tutaraq boğub, daha sonra yumruqla onun sifət və baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Nəticədə Maya sol almacıq sümüyünün qapalı sınığı, sol alt və üst göz qapaqlarının qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alıb.

Bundan əlavə, təqsirləndirilən şəxs Xırdalan şəhərində "at heykəli"nin qarşısındakı dayanacaqda sərnişin qismində əyləşdiyi 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə mübahisə edib. Bu zaman o, talama məqsədi olmadan özgənin əmlakını qanunsuz ələ keçirib.

Belə ki, sürücünün avtobusdan yerə düşməsindən istifadə edən İbrahim nəqliyyat vasitəsinin sükan arxasına əyləşərək, onu qanunsuz olaraq idarə edərək hadisə yerindən uzaqlaşıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Link kopyalandı!
Son xəbərlər