Göygöldə kişi keçmiş arvadını bıçaqlayıb.
Hadisə şəhərin Səbuhi Hacıyev küçəsində qeydə alınıb.
45 yaşlı Mirzə Abbasov (ad və soyad şərtidir) sərxoş halda keçmiş arvadının qeyd olunan ünvandakı evinə gəlib. Bu zaman evdə oğlu, gəlini, azyaşlı nəvəsi və keçmiş arvadının qohumu olub. Çay içdiyi zaman Mirzənin yadına düşür ki, 1 həftə əvvəl bacısı bu evdə qalıb və çantasından 10 manat oğurlanıb. Bu səbəblə Mirzə evdəkiləri “niyə belə etdikləri?” barədə sorğu-suala çəkib. Oğlu və gəlini etiraz edərək, belə hadisə olmadığını deyiblər.
Bu zaman təqsirləndirilən şəxsin keçmiş arvadı da evə daxil olub. Mirzə eyni sualı ona da verib. Qadının hadisəni inkar etməsindən sonra isə əvvəlcə stəkandakı qaynar çayı onun üzərinə töküb. Sonra isə mətbəxə keçərək, bıçaq götürüb. Evdə əməlli səs-küy yaranıb və zərərçəkənin qohumu araya girərək Mirzəni mənzildən çıxarmağa çalışıb. Belə olanda Mirzə daha da hiddətlənib və bıçaqla keçmiş arvadının qoluna xəsarət yetirib. Bıçağı ondan almaq istəyən gənc oğlanın da əli kəsilib.
Nəticədə o, zərərçəkənlərə yüngül xəsarət yetirib və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını deyərək, cinayət işinə xitam verilməsini xahiş edib.
Göygöl rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işinə xitam verilib və Mirzə Abbasov məsuliyyətdən azad olunub.
(Lent.az)