Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindən keçən hissəsində qeydə alınıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü Nəbi Əliyev, sərnişinlər Pərviz Əliyev və Mübariz Əmirovun xəsarət aldığı bildirilir.
TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar sentyabrın 13-də, saat 18:30-da 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili və "Volvo" markalı ekskavator toqquşub, 2 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.
Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.