Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Moderator.az-a verilən məlumatda bildirilir ki, onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub.
Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da, bioloji ölüm faktı qeydə alınıb.
11:37
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş vermiş ağır qəzada ölənlərin sayı artıb.
Moderator.az bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, qəzada xəsarət alan üç nəfərdən biri yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Bununla da qəzada ölənlərin sayı üçə çatıb.
11:31
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-dən Moderator.az-a verilən məlumata görə, qəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
11:12
Məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.